Dünya xəbərləri
Ukrayna yenidən taxil ixracını dayandırmağa məcbur olduğunu bildirir
Ukrayna dəniz limanlarından taxıl ixracını dayandırmaq məcburiyyətində qalıb. Bu barədə ölkənin İnfrastruktur naziri Oleksandr Kubrakov özünün tvitter səhifəsində məlumat paylaşıb.
Onun yazdığına görə, Efiopiya üçün nəzrdə tutulan 40 min ton buğda Rusiyanın atdığı addım səbəbindən yola salına bilməyib:
"40 min ton buğda olan "İKARİA ANGEL" gəmisi bu gün Ukrayna limanını tərk etməli idi. Bu məhsul aclıqdan ölmək ərəfəsində olan Efiopiya xalqı üçün nəzərdə tutulmuşdu. Amma Rusiya tərəfindən "taxıl dəhlizi"nin qarşısını kəsildiyi üçün , ixrac mümkün deyil”.
Rusiya isə bu məsələdə günahı Ukraynanın üzərinə atır. Oktyabrın 29-da Rusiya Müdafiə nazirliyinin yaydığı məlumatda Rusiyanın Qara Dəniz limanları vasitəsilə Ukraynadan taxı və digər ərzaq məhsullarının ixracını nəzərdə tutan "taxıl müqaviləsi" sazişində iştirakını dayandırdığını bildirib.
Məlumatda qeyd edilir ki, qərar şəhər qubernatoru tərəfindən Sevastopolda gəmilərə pilotsuz təyyarə hücumu ilə əlaqədar qəbul edilib. Məlumatda bildirilir ki, “taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən gəmilərə hücum edilib.
ABŞ və Avropadan tənqid
Rusiyanın belə bir addım atması ABŞ və Avropa Birliyi tərəfindən tənqid edilib.
ABŞ prezidenti Co Bayden bu məsələyə münasibət bildirərəkən deyib ki, Moskvanın “taxıl müqaviləsi”ni rədd etməsi dünyada ac insanların sayının artmasına səbəb olacaq. O, həm də xatırladıb ki, razılaşma BMT-nin vasitəçiliyi ilə olub.
"Rusiyanın bunu etməsi üçün heç bir səbəb yoxdur. Onlar həmişə bir şey etmək üçün bəhanə axtarırlar ki, bu məsələdə Qərbi günahlandırsınlar".
Hücumlara görə, Ukraynanı ittiham edən Rusiya Xarici İşlər Nazirliyi hətta bu işdə Ukraynaya britaniyalı mütəxəssislərin kömək etdiyini bildirib. Britaniya isə itthamları rədd edib.
Məsələyə münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya sentyabrdan bəri Ukrayna limanlarından taxıl ixracına hər cür mane olub. O, bu səbəbdən Rusiyanı dünyanın 20 ən böyük iqtisadiyyat (G20) qrupundan çıxarmağa çağırıb. Onun sözlərinə görə, Rusiya atdığı bu addımla Asiya və Afrika ölkələrini aclıqla təhdid edir.
Aİ Moskvanı qərarından dönməyə çağırır
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarını ləğv etməyə çağırıb.
"Rusiyanın Qara dəniz sazişində iştirakını dayandırmaq qərarı Ukraynaya qarşı müharibənin yaratdığı qlobal ərzaq böhranını aradan qaldırmaq üçün çox ehtiyac duyulan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhlükə altına qoyur. Avropa İttifaqı Rusiyanı qərarından dönməyə çağırır", - Borrell deyib.
İyulun 22-də BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında “taxıl müqaviləsi” bağlanıb. Avqustun 1-də ərzaqla dolu ilk gəmi Odessadan yola düşüb.
Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qara dəniz limanlarında milyonlarla ton ərzaq yığılıb qalıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Bütün xəbərləri izləyin
Daha 7 ölkə vətəndaşlarının ABŞ-yə girişi yasaqlandı
ABŞ prezidenti Donald Tramp daha 7 ölkə vətəndaşlarının bu ölkəyə girişini qadağan edib. Ağ ev bəyanatında bunu həmin ölkələrdə yoxlama prosedurlarında kəskin çatışmazlıqlarla izah edib. Məqsədin Birləşmiş Ştatları milli təhlükəsizliyə təhdidlərdən qorumaq olduğu bildirilib.
Dekabrın 16-da açıqlanan qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya və Fələstin administrasiyasının verdiyi səyahət sənədlərini daşıyan vətəndaşlara aiddir. Laos və Syerra-Leone vətəndaşlarına daha öncə qismən məhdudiyyətlər tətbiq olunurdu, indi bu, tam qadağa formasını alacaq.
Genişləndirilmiş qadağa yanvarın 1-dən qüvvəyə minir.
"Reuters" yazır ki, Tramp noyabrda Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəndə Suriyanın uğurlu olması üçün əlindən gələni edəcəyini demişdi. Əş-Şaraa keçmiş "əl-Qaidə" komandiridir, bu yaxınlaradək Vaşinqton onu xarici terrorçu kimi sanksiya siyahısına salmışdı.
Ağ ev Suriyanın da siyahıya salınmasını bu ölkədən gələnlərin viza müddətindən artıq qalması göstəricisinin yuxarı olması ilə izah edib.
D.Tramp iyunda 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini yasaqlamışdı və bu qadağa qüvvədə qalır.
Nigeriya daxil olmaqla daha 15 ölkəyə isə qismən məhdudiyyətlər tətbiq olunacaq.
ABŞ sanksiya altında olan tankerlər üçün Venesuela limanlarını bağlayır
Dekabrın 16-da ABŞ prezidenti Donald Tramp sanksiyaya düşən neft tankerlərinin Venesuelaya giriş və çıxışına qadağa qoyduğunu elan edib. "Reuters" Vaşinqtonun Nikolas Maduro hökumətinə təzyiqi artırdığını yazır.
Bu tədbirin necə həyata keçiriləcəyi, Sahil Qvardiyasına üz tutub-tutmayacağı aydın deyil. Administrasiya minlərlə hərbçini, 20-dən çox hərbi gəmini regiona göndərib.
Venesuela hökuməti isə bəyanatında Trampın "gülünc" təhdidini rədd edib.
Dekabrın 17-də Asiya bazarında neft 1 faiz bahalanıb. "Brent" xam neftinin fyuçersləri 70 sent artaraq bareli 59.62 dollar olub. "Qərbi Texas" neftinin bareli isə 56 dollara çatıb.
Neft bazarı iştirakçıları qiymət artımını Venesuelanın ixracında potensial azalma ilə izah edirlər. Amma, eyni zamanda, Trampın blokadanı necə gerçəkləşdirəcəyini, bunun sanksiya altında olmayan gəmilərə də aid olub-olmayacağını gözləyirlər.
Venesueladan neft daşıyan gəmilərin çoxu sanksiya altındadır. Bəzi şirkətlərə isə sanksiya qoyulmayıb. ABŞ-nin "Chevron CVX.N" şirkəti Venesuela neftini öz gəmiləri ilə daşıyır. Venesuela xam neftinin ən böyük alıcısı isə Çindir, idxalının 4 faizə qədərini bu neft təşkil edir.
ABŞ-nin iki rəsmisi "Reuters"ə deyib ki, yeni qayda tam tətbiq edilərsə, Maduroya böyük təsir göstərər.
Trampın Maduroya təzyiq kampaniyasına regionda hərbi iştirakı artırmaq daxildir. Sakit Okeanda və Karib dənizində gəmilərə 20-dən çox zərbə endirilib və azı 90 nəfər öldürülüb.
ABŞ prezidenti bu Cənubi Amerika ölkəsinə tezliklə quru zərbələrin də başlanacağını bildirir.
'Gürcü legionu' Ukrayna Könüllü Ordusunun tərkibinə salınıb
"Gürcü milli legionu" rəsmən Ukrayna Könüllü Ordusunun (UKO) tərkibinə salınıb. Bu barədə UKO komandanı Dmitro Yaroş açıqlama verib. Onun dediyinə görə, legionun komandiri Mamuka Mamulaşviliyə "qardaşlıq, birlik və ümumi mübarizə rəmzi olan" döyüş bayrağı təqdim olunub.
Xəbəri "Exo Kavkaza" yayıb.
Keçmiş deputat D.Yaroş sosial şəbəkədə Mamuka ilə 2014-cü ildən Rusiya qüvvələrinə qarşı birgə döyüşdüyünü yazıb.
M.Mamulaşvili isə "Gürcü legionu"nun müharibənin əvvəlindən Ukraynanı müdafiə edən ilk xarici döyüş bölmələrindən biri olduğunu, ukraynalı könüllülərlə çiyin-çiyinə savaşdığını qeyd edib.
Medianın daha öncə yazdığına görə, Ukrayna hakimiyyəti bütün beynəlmiləl legionların ləğvi, onların şəxsi heyətinin hücum bölmələrinə daxil edilməsinə qərar verib. Legionların bəzi üzvləri bu qərarın Ukrayna ordusuna xarici könüllülərin axınını ciddi azaldacağını, hətta tamamilə dayandıra biləcəyini deyiblər.
"Gürcü milli legionu" Ukrayna ordusunun tərəfində döyüşən könüllü silahlı birləşmədir. Onun tərkibində əsasən silahlı münaqişələrdə iştirak təcrübəsi olan keçmiş gürcü hərbçilər yer alıb. Rusiya "Gürcü legionu"nu terror təşkilatı kimi tanıyıb. M.Mamulaşvilini 23 il qiyabi həbsə məhkum ediblər.
Ukraynanın "Sağ sektor" təşkilatının (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) keçmiş lideri, keçmiş deputat D.Yaroş 2021-ci ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri təyin edilib. Rusiyada kremyönlü mediada Yaroş ümumi isimə çevrilib, onu Ukraynada "banderaçı" millətçilərin üstünlük təşkil etməsi iddiaları kontekstində yada salırlar.
Belarusda məhkəmə Avropa Şurasının saytını 'ekstremist' sayıb, beş gün sonra qərarı ləğv edib
Dekabrın 10-da Minsk şəhərinin Partizanski rayon məhkəməsi Avropa Şurasının rəsmi saytının "ekstremist" kimi tanınması ilə bağlı öz qərarını ləğv edib. Xəbəri "Vyasna" hüquq müdafiə mərkəzi yayıb.
Elə həmin məhkəmə dekabrın 5-də Avropa Şurasının saytının "ekstremist" kimi tanınması barədə qərar çıxarmışdı.
2020-ci ildə Belarus hakimiyyəti etirazçılara qarşı genişmiqyaslı repressiyalara başlayandan Avropa İttifaqı (Aİ) Aleksandr Lukaşenko rejiminə sərt sanksiyalar tətbiq edib. Repressiya dalğası minlərlə insanın həbsi ilə nəticələnib. "Vyasna" 2020-ci ildən bəri 7 min 840-dan çox şəxsin siyasi motivli işlər üzrə məhkum edildiyini bildirir.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra sanksiyaların ikinci dalğası başlanıb. Belarus ordusu rəsmən Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Lukaşenko ölkə ərazisini Rusiya qoşunlarının keçidi, müvəqqəti yerləşməsi üçün açıb. 2024-cü ilin sentyabrında Avropa Parlamenti Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə və uşaqların aparılmasında iştirakını pisləyib, Haaqa Beynəlxalq Cinayət Məhkəməsini onun barəsində həbs orderi verməyə çağırıb.
Aİ 'Valday' üzvlərinə, 'rusofillər hərəkatı'na sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Blok ölkələrinin xarici işlər nazirləri dekabrın 15-də iclasda belə bir qərar veriblər.
"Kölgə donanması" adlanan strukturda rolu olan beş fiziki və dörd hüquqi şəxsə sanksiyalar tətbiq edilib. Aİ onların Rusiya neft ticarətinə məhdudiyyətlərdən yan keçməklə kömək etdiyini deyir. Azərbaycan vətəndaşları Tələt Səfərov və Etibar Eyyub, Pakistan və Kanada vətəndaşı Murtaza Əli Lahani, eləcə də BƏƏ və Vyetnam şirkətləri sanksiya siyahısına salınıb. Siyahıya kölgə donanmasına aid daha 40 gəmi də əlavə olunub.
Aİ Şurası sanksiya siyahısındakı 12 fiziki və iki hüquqi şəxsin Rusiyanın hibrid əməliyyatlarında, o cümlədən dezinformasiya ilə bağlı fəaliyyətlərdə iştirak etdiyini bildirir. Sanksiyaya məruz qalanlar arasında "Valday" Beynəlxalq Diskussiya Klubunun ekspertləri də var. "Rossiya v qlobalnoy politike" jurnalının baş redaktoru Fyodor Lukyanov, Rusiya Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbinin Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov, MQİMO-nun Beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, "Valday" klubunun proqram direktoru İvan Timofeyev və klubun Direktorlar Şurasının sədri Andrey Bıstritski siyahıda yer alıb.
İnternetdə rusiyayönlü narrativlər yayan bəzi şəxslər də sanksiya siyahısındadır. ABŞ və Rusiya vətəndaşı, Florida ştatında keçmiş şerif köməkçisi Con Duqan, QRU-nun zabitləri olduğu bildirilən Vladislav Borovkov, Dmitri Qoloşubov və Denis Denisenko, rusiyapərəst mövqeli ukraynalı jurnalist Diana Pançenko, isveçrəli keçmiş zabit Jak Bo, fransalı keçmiş zabit Ksavye Moro siyahıdadır.
Rusiya Silahlı Qüvvələrinin radioelektron mübarizə üzrə 142-ci batalyonu və müxtəlif ölkələrdən rusiyayönlü fiqurları birləşdirən "Beynəlxalq rusofillər hərəkatı" da sanksiya siyahısına salınıb.
Bu, sayca 20-ci sanksiya paketi deyil. Bu paket hələ hazırlanma mərhələsindədir.
Ukrayna Xəzərdə Rusiyanın iki yük gəmisinin vurulduğunu bildirir
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Xəzərdə "Kompozitor Raxmaninov" və "Askar-Sarıca" adlı yük gəmilərinin vurulduğunu bəyan edib.
Mətbuat üçün açıqlamada həmin gəmilərin hərbi texnika və silah daşıdığı bildirilir. Hücum zamanı onların göyərtəsində silah və ya hərbi texnikanın olub-olmadığı bilinmir.
"Kompozitor Raxmaninov" və "Askar-Sarıca"nın hərbi məqsədlər üçün istifadə edildiyi, İranla Rusiya arasında hərbi yüklər daşıdığına görə ABŞ sanksiyaları altında olduqları bildirilir.
Rusiya bu məlumatı hələlik şərh etməyib.
Ukraynanın 'Lukoil'un Xəzərdə platformasını vurduğu bildirilir
Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi əməliyyatlar mərkəzi Rusiyanın "Lukoil" şirkətinin neftçıxarma platformasına dron zərbələri endirdiyi bildirilir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti, "RBK-Ukraina" və "Ukrainska Pravda" xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıblar.
Bunun Xəzərdə Rusiyaya məxsus neft hasilatı infrastrukturuna ilk zərbə olduğu vurğulanır. Mənbələrə görə, dəniz platformasına azı dörd dəqiq zərbə endirilib. Hücum nəticəsində 20-dən çox quyudan neft və qaz hasilatının dayandırıldığı bildirilir.
Amma bu məlumatlar müstəqil təsdiqlənməyib.
ASTRA Telegram kanalı Rusiyanın Fövqəladə Hallar Nazirliyindəki mənbəyə istinadən yazır ki, bir neçə dron "Filanovski" yatağında yerləşən LSP-1 stasionar platformasına hücum edib. Bu platforma quyuların qazılması, işlənməsi və neft hasilatı üçün istifadə olunur.
"Lukoil" saytında "Filanovski"nin Xəzərin Rusiya sektorunun dibində ən böyük neft yatağı olduğu yazılıb. Yatağın operatoru "Lukoil-Nijnevoljskneft" şirkətidir. İlkin çıxarıla bilən ehtiyatlar 129 milyon ton neft, 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir. İxrac Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə gerçəkləşdirilib. CPC-yə sanksiyalar tətbiq olunmayıb.
Hücumların nə zaman gerçəkləşdiyi dəqiq bilinmir. Rusiya hakimiyyəti bu məlumatları şərh etməyib.
Dekabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi 12 region üzərində 287 Ukrayna dronunun vurulduğunu açıqlayıb.
Ukraynada öldürülən 155 mindən çox hərbçinin kimliyi müəyyənləşib
Jurnalistlər Rusiyanın Ukraynada işğalçı müharibəsində həlak olmuş 155 min 368 Rusiya hərbçisinin adını müəyyən ediblər. BBC-nin rus xidməti və "Mediazona" könüllülər komandası ilə birlikdə itkiləri hesablayır.
Həlak olanların üçdə biri könüllülərdir, onlar müharibə başlayandan Rusiya ordusu ilə müqavilə imzalayıblar. Cəmi bir il öncə bu kateqoriya ölənlərin cəmi 15 faizini təşkil edirdi. Jurnalistlərə görə, artıma səbəb könüllülərin ən ağır döyüş bölgələrinə, ilk növbədə Donetsk vilayətinə göndərilməsidir.
Həlak olanların 13 faizi koloniyalardan və istintaq təcridxanalarından cəbhəyə göndərilmiş məhbuslar, 11 faizi səfərbər olunanlardır.
Həlak olan hərbçilərin ümumi sayında liderlik Başqırdıstan və Tatarıstana məxsusdur.
Jurnalistlər ölənlərin siyahılarını açıq mənbələrə əsasən tərtib edirlər. Buraya mediada gedən məlumatları, yerli administrasiyaların açıqlamaları, qohumların sosial şəbəkədə paylaşımları, qəbiristanlıqlardan əldə edilən bilgilər daxildir. Rusiyanın real itki sayının 239 min – 345 min 260 arası ola biləcəyi bildirilir.
Nə Moskva, nə də Kiyev Ukrayna müharibəsindəki itkilərini açıqlayır, amma qarşı tərəfin itkilərindən danışırlar. Hərbi münaqişədə tərəflər adətən öz uğurlarını şişirtməyə, itkilərini azaltmağa meylli olurlar.
Türkiyə S-400-lərlə bağlı dəyişiklik olmadığını deyir
Türkiyə və ABŞ Ankaranın F-35 qırıcı proqramına qoşulmasına əngəlləri və ABŞ sanksiyalarını müzakirə edir, amma Rusiyanın S-400 havadan müdafiə sistemləri ilə bağlı heç nə dəyişməyib. Bunu dekabrın 12-də Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Vaşinqton 2020-ci ildə Ankaranı bu sistemləri aldığına görə “Lockheed Martin's LMT.N" qırıcı proqramından çıxarıb, sanksiyalar tətbiq edib. Vaşinqton S-400-ləri təhlükəsizliyə təhdid sayır.
Türkiyə isə bu addımı ədalətsiz sayır.
Tərəflər ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dönəmində sanksiyaların qaldırılacağına, Türkiyənin qırıcıları əldə edə biləcəyinə ümidini bildirib.
ABŞ-nin Ankaradakı səfiri Tom Barrak bu həftə bildirib ki, müzakirələr davam edir, amma Türkiyə F-35 proqramına qayıtmaq istəyirsə, S-400 işlədə bilməz.
Türkiyə Müdafiə Nazirliyi isə S-400-lə bağlı yenilik olmadığını, sanksiyaların qaldırılması, F-35 proqramına yenidən qəbulla bağlı ABŞ ilə diplomatik müzakirələr aparıldığını bildirib.
"F-35 layihəsi ilə bağlı prosesi alyans ruhu çərçivəsində, qarşılıqlı dialoq və konstruktiv məsləhətləşmələr ilə həll etmək ikitərəfli münasibətlərə müsbət töhfə verəcək", – nazirlik bildirib.
Xarici işlər naziri Hakan Fidan ötən həftə "Reuters"ə deyib ki, Türkiyə və ABŞ-nin sanksiyaları "çox tezliklə" aradan qaldırmağın yolunu tapacağına inanır.
Vaşinqton bildirir ki, S-400 sistemləri F-35 qırıcılarına, NATO-nun geniş müdafiə sistemlərinə təhdid yaradır. Türkiyə bunu rədd edərək deyir ki, S-400-lər NATO sistemlərinə inteqrasiya olunmayacaq.
Qırğızıstanda Rusiya təbliğatını tənqid edən fəal saxlanılıb
Qırğızıstanda aktivist Aybek Tenizbay saxlanılıb. Bu barədə AzadlıqRadiosunun qırğız xidməti – "Azattyk" onun qohumlarına istinadla məlumat yayıb.
Tenizbayın evinə gələnlər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər.
Fəalın tərəfdarı Maksat Temirbayev BBC-nin qırğız xidmətinə deyib ki, güc strukturlarının əməkdaşları səhər 8:00 radələrində onların evinə gəlib. Onlar Tenizbayın telefonunu, planşetini, anası Anarkul Kasımaliyevanın telefonunu götürüblər. "Mənbələrimizdən dəqiqləşdirdik ki, onu Dövlət Milli Təhlükəsizlik Komitəsinin Bişkek idarəsinə aparıblar", – o bildirib.
Aktivistin saxlanılması ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Vəkil Bakıt Avtandil hazırda Bişkekdə xüsusi xidmət idarəsinin qarşısında olduğunu, amma heç bir məlumat ala bilmədiyini söyləyib.
"Aybek Tenizbayın ekstremist xarakterli bəyanatları barədə bilgimiz yoxdur. O, sadəcə tənqid edirdi. Onu saxlanma səbəbini bilmirik", – vəkil vurğulayıb.
"Azattyk" yazır ki, A.Tenizbay Qırğızıstan hakimiyyətini tənqid edib, Rusiya təbliğatına qarşı bir neçə paylaşım edib.
Nobel laureatı Maçado: Demokratiyalar azadlıq uğrunda savaşmalıdır
"Demokratiyalar sağ qalmaq üçün azadlıq uğrunda savaşa hazır olmalıdır". Bunu Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado dekabrın 10-da mükafatın təqdimat mərasiminə çıxışında deyib. Venesuela müxalifətinin lideri mərasimə qatıla bilməyib, çıxışını qızı səsləndirib.
Maçado bu mükafatın təkcə onun ölkəsi üçün deyil, bütün dünyadan ötrü böyük əhəmiyyətini vurğulayıb.
"Bu, dünyaya xatırladır ki, demokratiya sülh üçün vacibdir", – qızı Ana Korina Sosanın səsləndirdiyi çıxışda vurğulanır.
58 yaşlı mühəndis Osloda mükafatı almağa özü gedəcəkdi, amma mərasimə çata bilməyib.
"Osloda olacağam, hazırda Osloya gedirəm", – Maçado Nobel Komitəsinin rəhbəri Yorqen Vatne Fridnesə göndərdiyi səs yazısında deyirdi.
Müxalifət liderinin haradan zəng etdiyi bəlli deyil.
Maçadoya 10 ildir Venesuelada səyahət qadağası qoyulub.
2024-cü ildə Maçado prezident seçkisinə buraxılmayıb. O, ötən ilin avqustundan gizlənir. Hakimiyyət isə müxalifət fiqurlarının həbslərini artırıb.
Prezident Nikolas Maduro qalib elan olunsa da, müxalifət, beynəlxalq müşahidəçilər bunun əksini bildirib.
Maçado oktyabrda Nobel Sülh Mükafatını alanda onu qismən ABŞ prezidenti Donald Trampa həsr edib. Tramp administrasiyası Maduronun kriminal bandalarla əlaqələri olduğunu, onların ABŞ-nin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirir. ABŞ kəşfiyyatı isə bununla bağlı şübhələrini bildirib.
İtaliya mətbəxi UNESCO-nun mədəni irs siyahısına salındı
UNESCO dekabrın 10-da İtaliyanın milli mətbəxini "qeyri-maddi mədəni irs" kimi tanıyıb.
Qurum səsverməni Nyu-Dehlidə keçirib. İtaliya bu prosesi 2023-cü ildə başladıb. Hökumət ölkənin qida mədəniyyətini ailələri və icmaları birləşdirən sosial ritual kimi təqdim edib.
İndusların Divali festivalı və İslandiyanın üzgüçülük hovuzu mədəniyyəti də UNESCO siyahısına salınıb.
İtaliya hökuməti ölkənin siyahıya salınmasına dəstək bəyanatında müxtəlif mədəniyyətləri əks etdirən rəngarəng mətbəxini təsvir edib. Baş nazir Corca Meloni deyib ki, "bu fərqləndirmə yalnız qürur duya biləcəyimiz bir uğurdur".
Sənaye qruplarının ehtimalına görə, UNESCO tərəfindən tanınma iki il ərzində turizmi 8 faizədək artıra, 18 milyon əlavə gecələməyə səbəb ola bilər.
UNESCO-nun "qeyri-maddi mədəni irs" siyahısında digər menyular da var: Fransanın bazar və bayram günlərini qeyd edən yüksək kulinariyası, Meksikada bir etnik azlığın dini ayinlərdə verilən yeməkləri, Koreyanın kimçi turşusu və Yaponiyanın vaşoku mətbəxi.
Mask deyir, DOGE 'azacıq uğur qazanıb'
ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamenti (DOGE) "azacıq uğur qazanıb". Bunu "Tesla" şirkətinin rəhbəri İlon Mask dekabrın 9-da bir podkastda deyib, bu layihəyə bir daha rəhbərlik etməyəcəyini əlavə edib.
Milyarder Trampın prezident seçkisindəki kampaniyasında böyük donor olub, sonradan onun yaxın müttəfiqinə və müşavirinə çevrilib.
DOGE-nin məqsədi federal hökumətin büdcəsini, işçi qüvvəsini ixtisar etmək idi. Amma Maskın bu departamentdəki rolu, siyasi ritorikası özünə və "Tesla"ya qarşı reaksiya yaradıb, "Tesla" maşınları vandalizmə məruz qalıb.
"Məncə, DOGE-dənsə öz şirkətlərimlə işləməliydim. Maşınları da yandırmazdılar", – Mask Tramp administrasiyasının keçmiş rəsmisi Keti Miller ilə podkastda deyib.
"Azacıq uğur qazandıq... Gerçəkdən mənasız olan xeyli maliyyəni dayandırdırıq, tamamilə israf olunurdu", – deyən Mask bir daha DOGE-yə qayıtmayacağını da əlavə edib.
Mask postundan gedəndən sonra prezident Trampla açıq şəkildə mübahisəsi düşüb. Sonradan barışıq əlamətləri sezilib.
DOGE isə mandatının bitməsinə səkkiz ay qalmış buraxılıb. Qurum on milyardlarla dollar xərci azaltdığını bildirib, amma maliyyə ekspertləri detallı hesabat olmadığından bunu yoxlaya bilməyiblər.
İvanovo vilayətində 'An-22' qəzaya uğrayıb
Rusiyanın İvanovo vilayətində "An-22" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. TASS agentliyi operativ xidmətlərə istinadla xəbər verir ki, təyyarədə yeddi nəfər (beş ekipaj üzvü və iki sərnişin) olub.
"Kommersant" mənbələrə istinadla təyyarədəkilərin həlak olduğunu bildirir.
Rusiya Müdafiə Nazirliyi təyyarənin təmirdən sonrakı sınaq uçuşu zamanı qəzaya düşdüyünü bildirib. Onun insanların olmadığı əraziyə düşdüyü vurğulanır.
Bəzi Telegram kanalları təyyarənin Furmanov rayonunda qəzaya uğradığını yazır. TASS onun İvanovonun şimalında, Uvod su anbarı yaxınlığında düşdüyünü, qalıqların suda aşkarlandığını xəbər verir.
"Kommersant" bildirir ki, təyyarə havada dağılmağa başlayıb, göyərtəkilərin sağ qalmaq şansı olmayıb. Nəşr yazır ki, təyyarə 50 ildən çox istismar olunub və, çox güman, texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
"An-22 Antey" ağır və iriölçülü silahların daşınması üçün nəzərdə tutulub, dünyada ən böyük turbovintli təyyarədir. Keçmiş SSRİ-də bu modeldən cəmi 69 ədəd istehsal edilib və hazırda yalnız bir neçə ədədi istifadədədir. Bəzi Telegram kanallarına görə, qəzaya uğrayan "An-22" Rusiyanın Müdafiə Nazirliyinin sərəncamında qalan sonuncu təyyarə idi.
RSF: Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər
Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər. Bu il öldürülən jurnalistlərin sayı yenə artıb. Onlar həm rəsmi, həm də yarımhərbi qrupların, mütəşəkkil cinayətkarlığın qurbanı olurlar. Son bir ildə öldürülən 67 media işçisindən azı 53-ü müharibələrin və kriminal şəbəkələrin qurbanına çevrilib. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dekabrın 9-da bildirib.
Qurum son 12 ayda həlak olan jurnalistlərin 43 faizinin Qəzzada İsrail silahlı qüvvələri tərəfindən öldürüldüyünü bildirir. Ukraynada isə Rusiya ordusu həm xarici, həm də ukraynalı reportyorları hədəf alır. Sudan media əməkdaşları üçün çox təhlükəli müharibə zonasına çevrilib.
RSF bildirir ki, jurnalistlərə öz ölkələrində daha çox risk var. Bu il cəmi iki xarici jurnalist öldürülüb, qalanları öz ölkələrində xəbər hazırlayarkən qətlə yetiriliblər.
Hazırda dünyada 503 jurnalist həbsdədir. Çin jurnalistlər üçün ən böyük həbsxanadır, 121 jurnalist həbsdədir. Rusiya (48) ikinci yerdədir, həm də digər dövlətlərdən daha çox xarici jurnalisti, 26 ukraynalını həbsdə saxlayır. Myanma isə 47 jurnalistlə üçüncü yerdədir.
RSF Rusiya, Gürcüstan, Azərbaycan, Belarusda durumun keçmiş sovet məkanında mətbuat azadlığına ciddi təhdidləri əks etdirdiyini vurğulayır. Qurum Azərbaycanda 25 jurnalistin həbsdə olduğunu qeyd edir.
Jurnalistlər peşə fəaliyyətlərinə görə cəzalandırıldığını bildirirlər. Hakimiyyət bu iddianı qəbul etmir, şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini deyir. Amma yerli və beynəlxalq insan haqları qurumları da Azərbaycan hakimiyyətin haqsız tutulanları azad etməyə çağırır.
İlham Əliyev son dövrlərdə İranla əlaqələrin fəallaşmasından məmnundur
Prezident İlham Əliyev dekabrın 8-də İran xarici işlər naziri Abbas Əraqçi başda olmaqla nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev son dövrlərdə əlaqələrin fəallaşmasından məmnunluğunu bildirib. O, ikitərəfli gündəliyin bir çox sahələri əhatələdiyini deyərək bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu qeyd edib.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub.
A.Əraqçi də Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu bildirərək münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
+++
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.
Bunu dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib: "İqtisadi komissiyaların işi təqdir edilir. Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar olub… Bu, həcmin artırılması barədə fikir mübadiləsi apardıq".
A.Əraqçi isə deyib ki, Azərbaycan prezidentinin Tehrana səfərini gözləyirlər.
Xatırlatma
Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.