Keçid linkləri

2025, 16 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:52

HRW Azərbaycanı MİRAS-ı ləğv etməyə çağırır


Şəxsi həyatınızın bir çox məqamını DTX bir ekrandan izləyə bilər – bu, qanunidırmi?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Şəxsi həyatınızın bir çox məqamını DTX bir ekrandan izləyə bilər – bu, qanunidırmi?

"Human Rights Watch" (HRW) insan haqları təşkilatı Azərbaycanı Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemini (MİRAS) dərhal ləğv etməyə çağırır. Qurum bu nəzarət platformasının gizliliyi pozma riski yaratdığını bildirir.

Prezident İlham Əliyev noyabrın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şəxsi həyata geniş məlumat çıxışı verən MİRAS-ın əsasnaməsini təsdiqləyib. Əsasnamənin president.az saytında yerləşdirilib daha sonra silindiyi iddia edilir.

Sistem gələn ilin mayından işə düşməlidir.

HRW-nın Avropa və Orta Asiya bölümünün direktor müavini Giorgi Qogiya Azərbaycanın avtoritar dövlət olaraq jurnalistləri, insan haqları müdafiəçilərini, fəalları qanunsuz olaraq rəqəmsal izlədiyinin sənədləşdirildiyini bildirir.

"Bu baxımdan, həssas şəxsi informasiyanın güclü müstəqil nəzarət olmadan mərkəzləşdirilməsi özbaşına və qeyri-mütənasib nəzarətə ciddi risklər yaradır", – o vurğulayır.

Azərbaycan Avropa Şurasının üzvü olaraq Avropa İnsan Hüquqları Konvensiyasının gizlilik hüququna dair 8-ci maddəsinə tabedir. Avropa İnsan Hüquqları Məhkəməsi isə dəfələrlə bildirib ki, nəzarət tədbirləri qanunilik, gərəklililik, proporsionallıq prinsiplərinə cavab verməlidir.

G.Qogiya MİRAS-ın bu qaydalara cavab vermədiyini, şəxsi informasiyaya nə zaman və necə çıxış veriləcəyinin dəqiq bilinmədiyini yazır: "Bu sistem nəzarəti tamamilə Dövlət Təhlükəsizliyi Xidmətinin əlində mərkəzləşdirir, ictimai hesabatlılığı, fərdlərin öz məlumatlarına çıxışı, ona düzəliş etmə prosedurlarını əhatələmir. Azərbaycan MİRAS-ın tətbiqini dayandırmalı, gizliliyin qorunması üçün güclü tədbirlər qəbul etməlidir. Avropa Şurası daxil olmaqla, beynəlxalq tərəfdaşlar hakimiyyətə təzyiq göstərməlidir ki, rəqəmsal idarəetmə islahatları qeyri-məhdud nəzarət etmək səlahiyyətini daha da möhkəmləndirməsin".

Hakimiyyət təmsilçilərinin bu iddialara münasibəti bəlli deyil. Amma indiyədək rəsmilər ölkədə təməl hüquqların pozulması ittihamlarını rədd edib, dövlətin vətəndaşın şəxsi həyatına hörmətlə yanaşdığını, fərdi məlumatlarının təhlükəsizliyinin təmin olunduğunu bildiriblər.

XS
SM
MD
LG