Keçid linkləri

2025, 15 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Kasparovla Kara-Murza niyə dalaşıb


Rusiya müxalifətçiləri V.Kara-Murza, Y.Navalnaya və İ.Yaşin Berlində Moskvanın Ukraynaya təcavüzünə qarşı nümayişdə.
Rusiya müxalifətçiləri V.Kara-Murza, Y.Navalnaya və İ.Yaşin Berlində Moskvanın Ukraynaya təcavüzünə qarşı nümayişdə.

Rusiyanın mühacirətdə olan müxalifətində gərginlik dərinləşib. Müxalifətçi Vladimir Kara-Murza Antimüharibə komitəsindən çıxıb.

O, dekabrın 12-də Parisdə baş verənlər barədə yazıb: "Bu gün Rusiyanın Antimüharibə komitəsindən çıxdım, 2022-ci ilin fevralında qurulandan orada təmsil olunurdum. Kobudluq və alçaq şəxsi təhqirləri siyasi mübarizədə yolverilən metod sayan Harri Kasparovla bir qurumda qalmağı mümkün saymıram".

Kara-Murzanın yazdığına görə, "Azad Rusiya Fondu"ndan AŞPA-da potensial iştirakçılar Berlin bəyannaməsini imzalamağa hazır idilər, amma "təəssüf ki, öz qurucuları belə ona əməl etmirlər".

Berlin bəyannaməsinin təşəbbüskarı digər rusiyalı müxalifətçi Mixail Xodorkovskidir. O, 2023-cü ilin martında mühacirətdə olan rusiyalı müxalifətçiləri belə bir "geniş koalisiya" yaratmağa dəvət edib. Həmin ilin 29-30 aprel tarixlərində Berlində Yuri Şmidtin xatirəsinə hüquq-müdafiə konfransı keçirilib.

"Krım Ukraynadır" demək

"Azad Buryatiya Fondu"nun prezidenti Aleksandra Qarmajanova isə mübahisənin şahidi olub. Onun yazdığına görə, AŞPA rəhbərliyi ilə görüşdən öncə şam yeməyində Kasparov Kara-Murzadan Berlin bəyannaməsini niyə imzalamadığını soruşub, o isə bəyannamə üzərində iş gedəndə həbsdə olduğunu deyib.

"Heç utanmırsan, cəmi iki il yatdığını dilə gətirirsən, burada 10 il (Xodorkovskini nəzərdə tutub) yatan var", – Kasparov deyib.

Bundan sonra tərəflər arasında mübahisə kəskinləşib. Kasparov iddia edib ki, Kara-Murza sənədi "Krım Ukraynadır" deyə bilmədiyi üçün imzalamır.

AzadlıqRadiosunun rus xidməti Kara-Murzanın 2014-cü ildə Moskvada yürüşdə "Krım Ukraynadır" dediyini yada salır. O zaman Kasparov artıq mühacirətdə idi.

2012-ci ildə Sankt-Peterburqda müxalifətçilər A.Navalnı, H.Kasparov və S.Udaltsovun təşkil etdiyi "Ədalətli seçkilər uğrunda" nümayişi.
2012-ci ildə Sankt-Peterburqda müxalifətçilər A.Navalnı, H.Kasparov və S.Udaltsovun təşkil etdiyi "Ədalətli seçkilər uğrunda" nümayişi.

"Azad Rusiya Fondu"nun prezidenti Nataliya Arno Kasparovun Kara-Murzanı təhqir etdiyini yazıb. O, müxalifətçinin iki dəfə Putinin xüsusi xidməti tərəfindən zəhərlənməyə məruz qaldığını vurğulayıb: "O, tammiqyaslı müdaxilədən sonra da Rusiyada qalıb, Putinə əfv üçün müraciəti imzalamaqdan imtina edib".

"Harri Kasparov 2013-cü ildə İstintaq Komitəsinin zəngindən sonra Rusiyadan qaçan "siyasətçi"dir. Özünün qorxaqlığına baxmayaraq, daim Rusiyada qalanları radikallığın yetərli olmamasında suçlayır", – o əlavə edib.

Ukraynanın mövqeyi

Marat Qelman AŞPA ilə layihənin üç il öncə başladığını, bunu məhz Antimüharibə komitəsinin irəli sürdüyünü yada salır. O, Ukrayna nümayəndə heyətinin Rusiya müxalifətinin AŞPA-da hər hansı formada iştirakına qarşı olduğunu, onlarla danışıqlar aparıldığını vurğulayır: "Belə bir aydın yanaşma əldə olundu ki, AŞPA-da yalnız Rusiya müxalifətinin Kremlin Ukrayna ilə münaqişəsində sonuncunun tərəfində olan üzvləri təmsil oluna bilər".

Bəzi bloqerlər Kara-Murzanı, İlya Yaşini, Yuliya Navalnayanı, Antikorrupsiya Fondu (FBK) üzvlərinin Berlin bəyannaməsini imzalamamasının təsadüfi olmadığını deyirlər. "Orada kriminal rejimin likvidasiyasından, hərbi cinayətkarlar üzərində məhkəmədən, Rusiyanın 1991-ci il sərhədlərinə qayıtmasından, cinayətkar müharibəyə görə Ukraynaya kompensasiyalardan söz açılır", – Aleksandr Xots yazıb.

Rusiyanın tanınmış müxalifət liderlərinin çoxu hazırda xaricdədir. Oktyabrın əvvəlində AŞPA "Rusiya demokratik qüvvələri ilə dialoq platformasının yaradılması"na dair qətnamə qəbul edib. Qətnamədə deyilir ki, "məqsəd Rusiya demokratik qüvvələrinin Rusiyada dayanıqlı demokratik dəyişikliklər yaratmaq qabiliyyətini gücləndirmək, Ukraynada davamlı, ədalətli sülhün təmin edilməsinə yardım etmək, eyni zamanda Rusiya aktorlarının beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb olunmasını təmin etməkdir".

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan bir neçə həftə sonra Avropa Şurası və onun Parlament Assambleyasından çıxarılıb.

XS
SM
MD
LG