İranda Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi və daha 38 nəfər dekabrın 12-də saxlanılıb. Onlar iranlı hüquqşünas və insan haqları müdafiəçisi Xosrov Alikürdünün anım mərasiminə yığışmışdılar.
"Radio Fərda" saxlanılanlar arasında hüquq müdafiəçiləri və fəalların olduğunu, hamısının həbsə göndərildiyini xəbər verir. Prokurorluq onların kütləni ictimai asayişin pozulmasına təhrik edən "təxribatçı bəyanatlar" səsləndirdiyini iddia edib.
N.Məhəmmədinin fondunun saytı bildirir ki, o, dekabrın 14-də ailəsinə zəng edə bilib. Dediyinə görə, saxlanılarkən mülkigeyimli şəxslər onu dəyənəklə baş və boyun nahiyəsindən vurublar, sonradan iki dəfə təcili tibbi yardım şöbəsinə aparılıb. Məhəmmədi deyib ki, saxlanılandan sonra onu İsrail hökuməti ilə əməkdaşlıqda suçlayıblar.
N.Məhəmmədi İranda ölüm cəzasına, qadınların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına qarşı çıxır. 2023-cü ildə "İranda qadınların əsarətdə saxlanmasına qarşı mübarizəyə, insan hüquqları və hamıya azadlıq uğrunda fəaliyyətinə görə" Nobel Sülh Mükafatı alıb. 2022-ci ildə həbsdən İrandakı etirazlara dəstək verib. Etirazlar "hicabın düzgün taxılmaması" ittihamı ilə saxlanan Məhsa Amininin ölümündən sonra başlamışdı.
2024-cü ilin yanvarında İran məhkəməsi həbsdə olan N.Məhəmmədini İrana qarşı yönəlmiş təbliğat işi üzrə 15 ay azadlıqdan məhrum edib. Bundan əvvəl də o, bir neçə dəfə mühakimə olunub. 2016-cı ildə dövlətə qarşı təbliğat və milli təhlükəsizliyə təhdid ittihamları ilə 16 il, 2022-ci ildə dövlətə qarşı təbliğat, Səudiyyə Ərəbistanı xeyrinə casusluq ittihamları ilə 8 il, 2023-cü ilin avqustunda isə müsahibələrinə və BMT-yə müraciətlərinə görə əlavə 1 il həbs cəzası alıb.
2024-cü ilin sonlarında əməliyyatdan sonra üçhəftəlik azadlığa buraxılıb. Prokurorluq məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən hökmün icrasını dayandırıb və daha sonra bu qərarı uzadıb.
9 dekabr
İranda vəkilin 'şübhəli' ölümünü araşdırmağa çağırırlar
İranda siyasi məhbusların və fəalların müdafiəsinə görə tanınan Xosrov Alikürdünün ölümünü araşdırmağa çağırırlar. Bu çağırışla İranın tanınmış insan haqları müdafiəçisi Nəsrin Sutude BMT-nin faktaraşdırıcı komitəsinə müraciət edib.
Alikürdü keçmiş siyasi məhbus, İslam Respublikasının tanınmış tənqidçisidir. O, dekabrın 5-də Məşhəd şəhərindəki ofisində ölü tapılıb. 46 yaşı vardı. Onun ölüm səbəbi kimi rəsmən ürəktutması göstərilib, yerli rəsmilər ölümün qeyri-təbii səbəblərini rədd ediblər.
Bir çox vəkillər və fəallar isə onun ölümünü "şübhəli", bəziləri hətta "qətl" adlandırıblar. Bəzi insan haqları qrupları Alikürdünün ölümünün araşdırılmasına çağırıb.
Sutude AzadlıqRadiosunun fars xidmətinə deyib ki, "Alikürdü 20 ilə yaxın aşırı hüquqi və təhlükəsizlik təzyiqi altında işləyən şərəfli vəkil idi". O, Alikürdünün özünə qarşı təhdidlərdən xəbərdar olduğunu, ofisində 16 kamera quraşdırdığını əlavə edib. Kameralar isə müsadirə olunub.
"BMT-nin faktaraşdırıcı missiyasının cavab üçün İrana təzyiq göstərməyə hüquqi səlahiyyəti var", – o əlavə edib.
Alikürdü Səbzəvarda sərt təhlükəsizlik tədbirlərinin müşayiəti ilə dəfn olunub. Digər fəalların ailələri də dəfnə qatılıb.
Nobel Sülh Mükafatı laureatları Nərgiz Məhəmmədi və Şirin Ebadi də Alikürdünün ölümünə görə başsağlığı veriblər.
Məhəmmədi deyib ki, "Alikürdü sülh və insan haqlarını xəyal edirdi", o, son mesajında belə siyasi məhbusları, özəlliklə uzaq şəhərlərdə olanları unutmamağa çağırırdı.