Ötən həftəsonu Belarusun avtoritar hökuməti 123 siyasi məhbusu əfv edib. Vaşinqton isə Belarusdan gübrə ixracına sanksiyaları qaldırıb. Bu, Minskin illərlə təcriddən sonra Qərblə əlaqələri bərpa etmək yönündə daha bir cəhdidir.
Əfv edilənlər sırasında 2020-ci il etirazlarının lideri Mariya Kolesnikova, Nobel Sülh Mükafatı laureatı Ales Belyatski da olub.
Belarus Rusiyanın Ukraynada 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı işğalçı müharibəni dəstəklədiyinə görə Qərbin sanksiyalarına məruz qalıb. Son aylar bir neçə qrup siyasi məhbus buraxılsa da, hələ yüzlərlə belə insan həbsdədir.
Dekabrın 13-də azad edilən siyasi məhbusların hamısı Belarusu tərk edib. Kiyev onlardan 114-nün Ukraynaya çatdığını açıqlayıb. Doqquzunun Litvaya göndərildiyi bildirilir.
Kolesnikovanın çağırışı
Kolesnikova Ukraynaya çatandan sonra Belarusdakı siyasi məhbusların hamısının azadlığa buraxılmasına çağırıb.
"Hələ azad edilməyənlər barədə düşünürəm, hamımız azadlığa çıxacağımız günü, bir-birimizi görəcəyimiz, qucaqlaya biləcəyimiz anı səbirsizliklə gözləyirəm", – o deyib.
Belyatski Vilnüsdə AzadlıqRadiosu və digər media orqanlarına "Mübarizəmiz davam edir" söyləyib.
"Fikrimcə, Nobel mükafatı fəaliyyətimizin, niyyətlərimizin hələ nəticə verməməsinin etirafıdır, buna görə də mübarizə davam edir", – o əlavə edib.
Belyatski 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb, amma o, 2021-ci ildən həbsdədir.
Norveç Nobel Komitəsi onun azadlığa buraxılmasından "dərin rahatlıq və sevinc" hisslərini bildirib, amma Belarusda hələ də azı 1200 siyasi məhbusun dəmir barmaqlıqlar arxasında qaldığı vurğulanıb.
Trampın elçisinin Lukaşenkodan gözləntisi
Belarus dövlət mediası məhbusların ABŞ prezidenti Donald Tramp ilə sövdələşmə nəticəsində əfv olunduqlarını bildirib. Vaşinqtonun Belarus potaşına sanksiyaları qaldırdığı açıqlanıb.
2020-ci ilin qalmaqallı prezident seçkisindən bir il sonra ABŞ Xəzinədarlığı Minskə genişmiqyaslı sanksiyalar tətbiq edib.
ABŞ prezidentinin Belarus üzrə xüsusi elçisi Con Koul deyib ki, o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə bir sıra məsələləri müzakirə edib: "Ukrayna və Rusiya arasında müharibə, Venesuela haqda danışdıq". O, Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə dostluğu fonunda Vaşinqtonun onun Kremlə təsir göstərməsini istədiyini söyləyib. Bu barədə Belarusun "Belta" dövlət agentliyi yazıb.
Koul deyib ki, Lukaşenko Ukraynada sülh danışıqlarında Putinin mövqeyini dəyişə bilər.
"Prezident Putin məsləhət qəbul edə bilər... Bu, prosesi asanlaşdırmağın bir yoludur", – elçi vurğulayıb.