Xəbərlər
Namizəd Səfərov həbs edilib
Hüquqşünas Namizəd Səfərov həbs edilib.
Dekabrın 10-da Xətai rayon Məhkəməsində bununla bağlı vəsatətə baxılıb.
Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.
Həmin ittihamla şəxsə 10 ilə qədər həbs nəzərdə tutulur.
İttihama ondan ayrılıqda münasibət almaq mümkün olmayıb. Amma yaxınları ittihamı qurama və siyasi sayır.
+++
Dekabrın 9-da hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərovu mülkigeyimli şəxslərin saxlayıb naməlum istiqamətə apardıqları bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onlar hazırda hüquqşünasın yerini dəqiqləşdirməyə çalışırlar.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. O, bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırıb. Kollegiyadan isə həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə izah edilmişdi.
N.Səfərov bir sıra müxalifət qüvvələrini birləşdirən Milli Şurasının da üzvü olub. Amma 2020-ci ildən oradan özü istefa verib.
Nobel laureatı Maçado: Demokratiyalar azadlıq uğrunda savaşmalıdır
"Demokratiyalar sağ qalmaq üçün azadlıq uğrunda savaşa hazır olmalıdır". Bunu Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado dekabrın 10-da mükafatın təqdimat mərasiminə çıxışında deyib. Venesuela müxalifətinin lideri mərasimə qatıla bilməyib, çıxışını qızı səsləndirib.
Maçado bu mükafatın təkcə onun ölkəsi üçün deyil, bütün dünyadan ötrü böyük əhəmiyyətini vurğulayıb.
"Bu, dünyaya xatırladır ki, demokratiya sülh üçün vacibdir", – qızı Ana Korina Sosanın səsləndirdiyi çıxışda vurğulanır.
58 yaşlı mühəndis Osloda mükafatı almağa özü gedəcəkdi, amma mərasimə çata bilməyib.
"Osloda olacağam, hazırda Osloya gedirəm", – Maçado Nobel Komitəsinin rəhbəri Yorqen Vatne Fridnesə göndərdiyi səs yazısında deyirdi.
Müxalifət liderinin haradan zəng etdiyi bəlli deyil.
Maçadoya 10 ildir Venesuelada səyahət qadağası qoyulub.
2024-cü ildə Maçado prezident seçkisinə buraxılmayıb. O, ötən ilin avqustundan gizlənir. Hakimiyyət isə müxalifət fiqurlarının həbslərini artırıb.
Prezident Nikolas Maduro qalib elan olunsa da, müxalifət, beynəlxalq müşahidəçilər bunun əksini bildirib.
Maçado oktyabrda Nobel Sülh Mükafatını alanda onu qismən ABŞ prezidenti Donald Trampa həsr edib. Tramp administrasiyası Maduronun kriminal bandalarla əlaqələri olduğunu, onların ABŞ-nin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirir. ABŞ kəşfiyyatı isə bununla bağlı şübhələrini bildirib.
İtaliya mətbəxi UNESCO-nun mədəni irs siyahısına salındı
UNESCO dekabrın 10-da İtaliyanın milli mətbəxini "qeyri-maddi mədəni irs" kimi tanıyıb.
Qurum səsverməni Nyu-Dehlidə keçirib. İtaliya bu prosesi 2023-cü ildə başladıb. Hökumət ölkənin qida mədəniyyətini ailələri və icmaları birləşdirən sosial ritual kimi təqdim edib.
İndusların Divali festivalı və İslandiyanın üzgüçülük hovuzu mədəniyyəti də UNESCO siyahısına salınıb.
İtaliya hökuməti ölkənin siyahıya salınmasına dəstək bəyanatında müxtəlif mədəniyyətləri əks etdirən rəngarəng mətbəxini təsvir edib. Baş nazir Corca Meloni deyib ki, "bu fərqləndirmə yalnız qürur duya biləcəyimiz bir uğurdur".
Sənaye qruplarının ehtimalına görə, UNESCO tərəfindən tanınma iki il ərzində turizmi 8 faizədək artıra, 18 milyon əlavə gecələməyə səbəb ola bilər.
UNESCO-nun "qeyri-maddi mədəni irs" siyahısında digər menyular da var: Fransanın bazar və bayram günlərini qeyd edən yüksək kulinariyası, Meksikada bir etnik azlığın dini ayinlərdə verilən yeməkləri, Koreyanın kimçi turşusu və Yaponiyanın vaşoku mətbəxi.
Sənaye istehsalı azalır, ÜDM artır...
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-noyabr aylarında 57.5 milyard manatlıq məhsul istehsal ediblər. Statistika Komitəsi (ASK) bildirir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 2.1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4.8 faiz artıb".
DSK əlavə edir ki, bu ilin 11 ayında Ümumi Daxili Məhsulda (ÜDM) isə arım var: "2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.6 faiz çox ÜDM istehsal olunub".
Açıqlamaya görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3.2 faiz artıb.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatının böyüməsində bu rəqəmi yetərli saymırlar. Azərbaycan hökumətinin proqnozlarında da 2025-ci ildə 3-4 faizlik iqtisadi artımdan bəhs edilirdi.
Mask deyir, DOGE 'azacıq uğur qazanıb'
ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamenti (DOGE) "azacıq uğur qazanıb". Bunu "Tesla" şirkətinin rəhbəri İlon Mask dekabrın 9-da bir podkastda deyib, bu layihəyə bir daha rəhbərlik etməyəcəyini əlavə edib.
Milyarder Trampın prezident seçkisindəki kampaniyasında böyük donor olub, sonradan onun yaxın müttəfiqinə və müşavirinə çevrilib.
DOGE-nin məqsədi federal hökumətin büdcəsini, işçi qüvvəsini ixtisar etmək idi. Amma Maskın bu departamentdəki rolu, siyasi ritorikası özünə və "Tesla"ya qarşı reaksiya yaradıb, "Tesla" maşınları vandalizmə məruz qalıb.
"Məncə, DOGE-dənsə öz şirkətlərimlə işləməliydim. Maşınları da yandırmazdılar", – Mask Tramp administrasiyasının keçmiş rəsmisi Keti Miller ilə podkastda deyib.
"Azacıq uğur qazandıq... Gerçəkdən mənasız olan xeyli maliyyəni dayandırdırıq, tamamilə israf olunurdu", – deyən Mask bir daha DOGE-yə qayıtmayacağını da əlavə edib.
Mask postundan gedəndən sonra prezident Trampla açıq şəkildə mübahisəsi düşüb. Sonradan barışıq əlamətləri sezilib.
DOGE isə mandatının bitməsinə səkkiz ay qalmış buraxılıb. Qurum on milyardlarla dollar xərci azaltdığını bildirib, amma maliyyə ekspertləri detallı hesabat olmadığından bunu yoxlaya bilməyiblər.
Mərkəzi Bank uçot dərəcəsini endirib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
AMB İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.75, faiz dəhlizinin aşağı həddi 5.75, faiz dəhlizinin yuxarı həddi isə 7.75 faizə endirilib.
Qurum hesab edir ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9 faiz təşkil edib
Amma müstəqil iqtisadçılar bu rəqəmə şübhə ilə yanaşır, inflyasiyanın daha yüksək olduğunu iddia edirlər. Onların sözlərinə görə, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır. Həmin şəxslər deyir ki, uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir göstərmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.
Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.
İvanovo vilayətində 'An-22' qəzaya uğrayıb
Rusiyanın İvanovo vilayətində "An-22" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. TASS agentliyi operativ xidmətlərə istinadla xəbər verir ki, təyyarədə yeddi nəfər (beş ekipaj üzvü və iki sərnişin) olub.
"Kommersant" mənbələrə istinadla təyyarədəkilərin həlak olduğunu bildirir.
Rusiya Müdafiə Nazirliyi təyyarənin təmirdən sonrakı sınaq uçuşu zamanı qəzaya düşdüyünü bildirib. Onun insanların olmadığı əraziyə düşdüyü vurğulanır.
Bəzi Telegram kanalları təyyarənin Furmanov rayonunda qəzaya uğradığını yazır. TASS onun İvanovonun şimalında, Uvod su anbarı yaxınlığında düşdüyünü, qalıqların suda aşkarlandığını xəbər verir.
"Kommersant" bildirir ki, təyyarə havada dağılmağa başlayıb, göyərtəkilərin sağ qalmaq şansı olmayıb. Nəşr yazır ki, təyyarə 50 ildən çox istismar olunub və, çox güman, texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
"An-22 Antey" ağır və iriölçülü silahların daşınması üçün nəzərdə tutulub, dünyada ən böyük turbovintli təyyarədir. Keçmiş SSRİ-də bu modeldən cəmi 69 ədəd istehsal edilib və hazırda yalnız bir neçə ədədi istifadədədir. Bəzi Telegram kanallarına görə, qəzaya uğrayan "An-22" Rusiyanın Müdafiə Nazirliyinin sərəncamında qalan sonuncu təyyarə idi.
2026-cı il dövlət büdcəsi qəbul edildi
Milli Məclisin bu gün, dekabrın 9-da keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Sənədə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır.
Beləliklə, gələn il dövlət büdcəsinin gəlir və xərclərində bir neçə yüz milyon manatlıq – müvafiq olaraq 0.66 faiz və 0.71 faiz artım proqnozlaşdırılır. Bu, büdcədə son illərin ən aşağı artımı sayılır.
Bu ilin büdcəsində neftin bir barelinin orta qiyməti 70 dollar götürülüb. Həmin rəqəm gələn ilin sənədində isə 65 dollar müəyyən edilib. Sənəddə bu azalmanın, əsasən, artan vergi daxilolmaları ilə kompensasiya ediləcəyi gözlənir.
2026-cı il dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitdə əvvəlki illə müqayisədə azalmadır. Sənəddə sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat (36.5 faiz) azdır. Yeni qanunvericiliyə görə, qeyri-rəsmi çalışanların, yəni işsiz kimi qeydiyyatda olmayanların icbari tibbi xərclərini dövlət qarşılamayacaq.
Əvəzində sənəddə müdafiə xərclərində artım var.
RSF: Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər
Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər. Bu il öldürülən jurnalistlərin sayı yenə artıb. Onlar həm rəsmi, həm də yarımhərbi qrupların, mütəşəkkil cinayətkarlığın qurbanı olurlar. Son bir ildə öldürülən 67 media işçisindən azı 53-ü müharibələrin və kriminal şəbəkələrin qurbanına çevrilib. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dekabrın 9-da bildirib.
Qurum son 12 ayda həlak olan jurnalistlərin 43 faizinin Qəzzada İsrail silahlı qüvvələri tərəfindən öldürüldüyünü bildirir. Ukraynada isə Rusiya ordusu həm xarici, həm də ukraynalı reportyorları hədəf alır. Sudan media əməkdaşları üçün çox təhlükəli müharibə zonasına çevrilib.
RSF bildirir ki, jurnalistlərə öz ölkələrində daha çox risk var. Bu il cəmi iki xarici jurnalist öldürülüb, qalanları öz ölkələrində xəbər hazırlayarkən qətlə yetiriliblər.
Hazırda dünyada 503 jurnalist həbsdədir. Çin jurnalistlər üçün ən böyük həbsxanadır, 121 jurnalist həbsdədir. Rusiya (48) ikinci yerdədir, həm də digər dövlətlərdən daha çox xarici jurnalisti, 26 ukraynalını həbsdə saxlayır. Myanma isə 47 jurnalistlə üçüncü yerdədir.
RSF Rusiya, Gürcüstan, Azərbaycan, Belarusda durumun keçmiş sovet məkanında mətbuat azadlığına ciddi təhdidləri əks etdirdiyini vurğulayır. Qurum Azərbaycanda 25 jurnalistin həbsdə olduğunu qeyd edir.
Jurnalistlər peşə fəaliyyətlərinə görə cəzalandırıldığını bildirirlər. Hakimiyyət bu iddianı qəbul etmir, şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini deyir. Amma yerli və beynəlxalq insan haqları qurumları da Azərbaycan hakimiyyətin haqsız tutulanları azad etməyə çağırır.
Kobaxidze Azərbaycan yanacağının Ermənistana ilk tədarükünə görə pul almamağı tapşırıb
Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb. "Gürcüstan Dəmir Yolu"na sözügedən yükün bir dəfə və tamamilə pulsuz daşınması tapşırılıb. Bu məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bundan öncə Azərbaycan KİV-lərində "Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünün tarif maneələri səbəbindən gecikməsi" haqda məlumat yayılıb.
Nazirliyin bəyanatında deyilir ki, dekabrın 5-də tərəfdaş ölkələr bu məsələ ilə Gürcüstan hökumətinə müraciət edib.
"Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın strateji və etibarlı tərəfdaşı olaraq qalır. Biz həmişə regionda sülhü və əməkdaşlığı dəstəkləmişik və dəstəkləyirik", – bəyanatda bildirilir.
"Minval Politika" "Gürcüstan sülhə qarşı oynayır: Tbilisi Bakının səbrini sınayır" başlıqlı məqalədə yazırdı ki, Gürcüstan 111 km-lik məsafə üçün tona 92 ABŞ dolları tarif təqdim edib, bu isə hər kilometr üçün tona 0.82 dollar deməkdir.
"Müqayisə üçün: Azərbaycan ərazisində oxşar yüklər 680 km məsafəyə – Yalama stansiyasından Böyük-Kəsik stansiyasına 17 ABŞ dollarına daşınır, yəni hər kilometr üçün tona 0.02 dollar. Bu, Gürcüstanın təklif etdiyi tarifdən 40 dəfə aşağıdır. 40 dəfə fərq bazar göstəricisi deyil, niyyətdir", – məqalədə vurğulanırdı.
Azərbaycan mediası daha öncə yük maşını sürücülərinin üzləşdiyi problemlərdən yazıb. İddia olunurdu ki, gürcü məmurlar sürücülərə "Zəngəzur dəhliziniz hazır olanda Zəngəzurdan keçin" deyiblər.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Azərbaycan yüklərinin bloklanması barədə məlumatları təkzib edib. Qurum belə iddiaların həqiqətəuyğun olmadığını, ictimaiyyəti çaşdırdığını vurğulayıb.
İlham Əliyev son dövrlərdə İranla əlaqələrin fəallaşmasından məmnundur
Prezident İlham Əliyev dekabrın 8-də İran xarici işlər naziri Abbas Əraqçi başda olmaqla nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev son dövrlərdə əlaqələrin fəallaşmasından məmnunluğunu bildirib. O, ikitərəfli gündəliyin bir çox sahələri əhatələdiyini deyərək bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu qeyd edib.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub.
A.Əraqçi də Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu bildirərək münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
+++
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.
Bunu dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib: "İqtisadi komissiyaların işi təqdir edilir. Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar olub… Bu, həcmin artırılması barədə fikir mübadiləsi apardıq".
A.Əraqçi isə deyib ki, Azərbaycan prezidentinin Tehrana səfərini gözləyirlər.
Xatırlatma
Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Rusiya penitensiar xidməti jurnalistin cəzaçəkmə müəssisəsində saxlanıldığını iddia edir
Rusiya rəsmi orqanı AzadlıqRadiosunun həbsdə olan keçmiş əməkdaşı Nika Novakın yerinin dəyişmədiyini bildirir. Ötən həftə onun vəkili jurnalistin saxlandığı Sibir koloniyadan yoxa çıxdığını bildirmişdi.
Rusiya Federal Penitensiar Xidməti jurnalistin vəkili Yuliya Kuznetsovaya məktub göndərərək onun martın 1-də köçürüldüyü İrkutsk vilayətindəki 11 saylı cəza koloniyasında saxlandığını bildirib. Bu barədə Novakın dostları və ailəsinə bağlı sosial media paylaşımında məlumat yer alıb.
Kuznetsova informasiyanı öz ictimai sosial media hesablarında təsdiqləməyib. AzadlıqRadiosu da məlumatı müstəqil şəkildə təsdiqlədə bilməyib.
2 dekabr
Vəkil jurnalist Nika Novakın Sibir həbsxanasında olmadığını deyir
AzadlıqRadiosunun ötən il Rusiyada peşə fəaliyyətinə görə həbsə məhkum edilmiş keçmiş əməkdaşı Nika Novak Sibirdə islah koloniyasından yoxa çıxıb. Məlumatı vəkil yayıb.
Yuliya Kuznetsova sosial şəbəkədə yazıb ki, Novak İrkutsk vilayətinin Bozoy kəndindəki 11 saylı cəza koloniyasından başqa yerə köçürülə bilər, ancaq yeri bəlli deyil.
Vəkil koloniyadan Novak barədə informasiya ala bilmədiyini əlavə edib. Dediyinə görə, bir vəkil həmkarı bu həftə Nikanı ziyarət etmək istəyib, amma ona koloniyaya daxil olmağa icazə verilməyib.
Novak qapalı məhkəmə iclasında "xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əməkdaşlıq"da təqsirli bilinərək 4 il həbsə məhkum edilib. Özü və hüquq müdafiəçiləri hökmü ədalətsiz sayırlar.
Martın 1-də cəza koloniyasına köçürülən jurnalist orada işgəncə xarakterli şəraitdən şikayət edib, aclıq aksiyası keçirib.
AzadlıqRadiosunun prezidenti Stiv Kapus Rusiya hakimiyyətini Novakı azad etməyə çağırıb. O deyib ki, jurnalistə qarşı "siyasi motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq məqsədi daşıyır".
Novak həbs olunanadək "Chita Media"da çalışıb, zab.ru saytının baş redaktoru olub. O, 2022-ci ildə AzadlıqRadiosunun "Siberia.Realities" layihəsi ilə əməkdaşlıq edib.
33 yaşlı jurnalistə qarşı cinayət işi Rusiyanın Ukraynaya tammiqyaslı işğalından bir neçə ay sonra 2022-ci ildə qəbul olunmuş 275.1-ci maddə üzrə hökm çıxarılan ilk hadisə olub.
Hüquq ekspertləri bu qanunun mahiyyətini və mətnini tənqid ediblər. 2024-cü il iyulun 22-də Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatı Novakı siyasi məhbus kimi tanıyıb.
ABŞ Ukraynaya iki ildə 800 milyon dollar hərbi yardım ayıracaq
ABŞ-nin 2026-cı il müdafiə büdcəsində Ukraynaya 400 milyon dollarlıq hərbi yardım nəzərdə tutulub. 2027-ci il üçün də eyni məbləğ planlaşdırılıb. "The Hill" dərc edilən qanun layihəsinə əsasən belə yazır.
Sənəddə ABŞ-nin gələn il müdafiə büdcəsinin 901 milyard dollar olacağı qeyd edilir. Prezident Donald Tramp isə 892.6 milyard dollar tələb etmişdi.
Qanun layihəsində vurğulanır ki, "Rusiyanın Hind-Sakit okeanı regionuna, özəlliklə Çinə təsir edən hərbi strategiyası, məqsədləri və qüvvələrinin yerləşdirilməsi qiymətləndiriləcək".
Çin, Rusiya, İran və KXDR arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın miqyasını əhatələyən hesabatın hazırlanması təklif olunur.
Sənəddə hərbçilərin maaşlarının 3.8 faiz artırılması, silah istehsalının genişləndirilməsi, Müdafiə Nazirliyinin kontrakt sisteminin islahatı da yer alıb. Hərbi dronların istehsalının sürətləndirilməsi, raketdən müdafiə sisteminin islahatı, çoxsəviyyəli "Qızıl günbəz" raketdən müdafiə sisteminin yaradılması, ABŞ-nin cənub sərhədində ordudan prezident Trampın sərəncamlarına uyğun istifadəsi nəzərdə tutulur.
Nümayəndələr Palatasında qanun layihəsinin müzakirəsinə bu həftə başlanacaq.
Tailand və Kamboca arasında atəşkəs pozulub
Tailand dekabrın 8-də Kambocaya hava zərbələri endirdiyini bildirib. Hər iki ölkə bir-birini ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham edir.
Tailand azı bir əsgərinin öldürüldüyünü, səkkiz nəfərin yaralandığını bildirib. Ölkənin hava qüvvələrinin məlumatına görə, Kamboca ağır silahları mobilizə edib, döyüş bölmələrinin mövqelərini dəyişib. Kambocanın hərbi qabiliyyətini azaltmaq üçün hava qüvvələrindən istifadə olunduğu açıqlanıb.
Kamboca isə Tailandın bir neçə gün provokativ hərəkətlərdən sonra iki məkanı vurduğunu bəyan edib. Amma Kamboca qüvvələrinin reaksiya vermədiyi bildirilib.
Döyüşlərin qızışmasının iki ölkənin münasibətlərində sabitliyi pozacağı riski yaranıb.
"Reuters" yazır ki, son onilliklərdə Cənub-Şərqi Asiya ölkələri arasında nadir hallarda hərbi toqquşma baş verib, sərhəd boyunca zərbələr isə çox nadir sayılır.
Tailandda dörd sərhəd bölgəsində azı 385 min dinc sakin köçürülüb, azı 35 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
İyulda beşgünlük toqquşmalar zamanı azı 48 nəfər öldürülüb, 300 min nəfər evindən didərgin düşüb.
London Kiyevə 8 milyard funt sterlinq dəyərində Rusiya aktivlərini vermək niyyətindədir
Böyük Britaniya hökuməti 2022-ci ildə müharibə başlayandan sonra ölkədə dondurulmuş Rusiya aktivlərindən 8 milyard funt sterlinqi Ukraynaya verməyi planlaşdırır, - bunu "The Times" yazır. Nəşrin Britaniya hökumətindəki mənbəsinə görə, vəsaitlərin açılması və Kiyevə ötürülməsi üçün dəqiq mexanizm hələ razılaşdırılmayıb.
Britaniyanın xarici işlər naziri İvett Kuper dondurulmuş vəsaitlərin istifadəsi ideyasını dəstəkləyib. Nazirin fikrincə, Ukraynaya "substantial maliyyə dəstəyi" göstərilməsi Rusiyanı danışıqlara sövq edə bilər.
Rusiya Ukraynaya hücum etdikdən sonra Qərb ölkələrində Rusiya Mərkəzi Bankının təxminən 260 milyard avro dəyərində aktivləri dondurulub. Bu vəsaitlərin böyük hissəsi — təxminən 193 milyard avro — Belçikada "Euroclear" depozitarının hesablarında saxlanılır. Avropa ölkələri bu vəsaitlərin Ukraynaya yardım üçün istifadəsi ideyasını artıq, demək olar, dörd ildir müzakirə edirlər.
Son həftələrdə Avropada həmçinin Rusiyanın aktivləri girov qoyulmaqla Kiyevə 140 milyard dollarlıq "reparasiya krediti" verilməsi ideyası da müzakirə olunur. Lakin əsas vəsaitlərin onun yurisdiksiyasında olması səbəbindən Belçika buna qəti şəkildə qarşı çıxır — çünki Rusiyanın hüquqi iddialarından ehtiyatlanır.
Avropa Mərkəzi Bankı da belə bir "reparasiya krediti"ni sığortalamağa hazır deyil.