Əli Kərimlinin həbsdə olan mühafizəçisinə əlavə ittiham verilib

Novruz Tağıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Novruz Tağıyevə qarşı yeni ittiham irəli sürüldüyü bildirilir.

Partiyadan vurğulanır ki, o, vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaqda təqsirləndirilir. Partiyadan onun azadlıqda olarkən Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçi olduğunu vurğulayırlar.

N.Tağıyev bu il mayın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanır.

Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat almaqda təqsirləndirilir.

N.Tağıyev özünü təqsirli bilmir. Onun sözlərinə görə, həbsindən bir neçə gün öncə Nicat adlı şəxs ev almaq istəyini dilə gətirib və ev tapılandan sonra beh kimi min manat verib: "Behi də ev sahibinə verdik. Bir gün sonra Nicat qaynı kimi təqdim olunan adamla ofisə gəldi. Əlində də ətir və bağlama vardı. Dedi ki, evə görə təşəkkür edirəm. Guya onlardan 71 min pul almışam. Kim alqı-satqısız adama 71 min pul verər?!".

Partiyadan bildirilib ki, Tağıyevi 1 saylı İstintaq Təcridxanasından Yasamal rayon Polis İdarəsinə gətiriblər. Açıqlamaya görə, artıq bir həftəyə yaxındır ki, idarədə saxlanılan Tağıyevə ailəsi ilə görüşə icazə verilmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlarla danışıb şikayətlərə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.