Rusiya Mərkəzi Bankı Belçikanın "Euroclear" depozitariyasına 18.1 trilyon rubl dəyərində iddia qaldırıb.
Rusiya Bankı bildirib ki, dekabrın 12-də Moskva Arbitraj Məhkəməsinə "Euroclear"a qarşı iddia ərizəsi təqdim edir. İddiaya səbəb kimi "Euroclear" depozitariyasının Rusiya Bankına zərər vuran "qanunsuz" hərəkətləri, Avropa Komissiyasının Rusiya Bankının aktivlərindən birbaşa və ya dolayı istifadə mexanizmlərini nəzərdən keçirməsi göstərilir.
Dekabrın 12-də Avropa İttifaqı (Aİ) Rusiya Bankının Aİ ərazisindəki aktivlərini qeyri-müəyyən müddətə dondurub. Söhbət 210 milyard avro məbləğində aktivlərdən gedir. Bu məbləğin təxminən 190 milyard avrosu "Euroclear"da saxlanılır.
Avropa Komissiyası bu vəsaitləri Rusiya Ukraynaya müharibədə vurduğu ziyanı kompensasiya edəcəyi halda, Moskvaya qaytarmağı nəzərdə tutur. Belçika Rusiya aktivlərindən istifadəyə qarşı çıxıb. Belçika hakimiyyəti dəfələrlə bildirib ki, Moskva aktivlərin qaytarılmasını məhz Brüsseldən tələb edəcək. Buna görə də onlar bir sıra şərtlər, mümkün risklərə görə Aİ ölkələrinin birgə məsuliyyətinə təminat tələb ediblər.
Dondurulmuş Rusiya aktivlərindən növbəti iki ildə Ukraynaya "reparasiya" kreditinin maliyyələşdirilməsində istifadə olunacaq. Mediaya görə, təklif olunan kreditin məbləği 165 milyard avrodur. Bu krediti "Euroclear"da saxlanılan Rusiya aktivlərindən 140 milyard avro və özəl banklarda dondurulmuş daha 25 milyard avro ilə təmin etmək planlaşdırılır. Vəsaitdən 115 milyard avronun Ukraynanın müdafiə sənayesinin maliyyələşdirilməsinə, 50 milyard avronun isə büdcə xərclərinin qarşılanmasına yönəldilməsi nəzərdə tutulur.
12 dekabr
Avropa İttifaqı Rusiya aktivlərini müddətsiz blokladı
Avropa İttifaqı (Aİ) Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub.
Bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Aİ aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərdi ki, bu da Macarıstan və Slovakiyanın bir anda qərarın əleyhinə səs verməsi riskini yaradırdı. Buna artıq ehtiyac olmayacaq.
Ukraynaya Rusiya aktivləri hesabına kredit verilməsi ilə bağlı yekun qərarın dekabrın 18-19-da Aİ sammitində qəbul edilməsi gözlənilir.